2 сент. 2012 г.

Qarabağ əlininə verilən qiymət


Bir əlil arabası, bir də qarşısındakı kompüter bəs edir ki, 40 yaşlı Qarabağ əlili İlham Məhərrəmov həyətlərində rahat oturub başını qatsın. söhbət zamanı hərdən facebookda status da yazır, ya da ki baş səhifədəki dostlarının yazdıqlarına göz gəzdirir. Deyir ki, bir əlil üçün vitualda oturmaqdan rahat nə ola bilər?

 Amma real həyatı daha çətin...



İlham Məhərrəmov deyir ki, ən böyük problem dövlətin Qarabağ əlillərini düzgün qiymətləndirməməsidir.

"Həm maddi həm də mənəvi cəhətdən.  Mənəvi odur ki, hər hansı dövlət təşkilatına getsək heç bir güzəşt və qayğı görməyəcəyik. Maddi cəhətdən isə tikintidə işləyən adi fəhlə qədər məvacib vermir".
İlham Məhərrəmov 1-ci qrup Qarabağ əlili olduğu üçün 170 manat pensiya, 99 manat isə Prezident təqaüdü alır.

1992-ci ildə  Qarabağ müharibəsinə könüllü kimi iştirak edən İlham Məhərrəmov 1994-cü il Yanvar ayında Ağdərədə yaralanıb.  bu müharibəni hər dəfə ona xatırladan  bədənindəki 30 qəlpə yeri və evinin küncündəki 3 əlil arabasıdır.



"Onlardan birini dövlət verib, 2-ni isə şəxsi hesabımıza almışıq. Qohumların, dostların köməkliyi ilə. Onların üçünün də öz funksiyası var - biri hamam üçün, biri çöldə, biri - baxın, həyətdə yer metlaxdır - onun üzərində rahat yerimək üçün və sair. Əslində, əlil arabasının ən bahalı hissəsi onun döşəkçəsidir. Hardasa 200-250 manat civarında. Dövlətin bizə verdiyinin üstündə bu gəlmir, onu da özümüz almalı oluruq".
Müsahibim ölkədəki bərpa mərkəzlərinin azlığını qeyd edib deyir ki, olanlarda da əlillərin müalicəsi üçün yetərincə şərait yoxdur.

"Halbuki buna Prezident tərəfindən vəsaitlər ayrılır və tövsiyə edir ki, Qarabağ əlillərinin müalicəsi  və  sosial həyat tərzi yaxşılaşdırılsın. Ölkədə iqtisadiyyatın zəif olduğu vaxtı əlillər bunu dərk edir və az təminatnan olsa da dolanırdı. Amma bu gün iqtisadiyyatın inkişaf etməsi ilə əlaqədar olaraq əlillərin də həyat tərzi yaxşılaşmalı və onlara da köməklik edilməlidir. Əlbəttə köməklik edilir amma bu yetərincə deyil".
O, 1996-ci ildən 2000-ci ilə qədər Yeni Ramanada yerləşən Gənc əlillərin əmək və istirahət mərkəzində yaşayıb.  2000-ci ildə dövlət tərəfindən OKA ovtomobili ilə təmin olunandan sonra əlillər evindən çıxıb.

"Dövlət maşınla təmin edilən əlillərin mərkəzdən çıxmasını qarşılarına şərt kimi qoyub. Qarabağ əlili ya maşından imtina edərək mərkəzdə yaşamalı, ya da maşının götürüb yaşayış məkanını dəyişmək problemi ilə üz-üzə qalıb".
İlham Məhərrəmov ikincisiylə razılaşıb və mərkəzi tərk edib. Köçəcəyi başqa yer olmadığından 2000-ci ildən bugünə qədər qardaşı ilə eyni evi bölüşür.
Qarabağ əlili danışır ki, ölkədə müalicəsi olmayanlar dövlət tərəfindən Krım vilayətində, Saki şəhərində yerləşən Burdinka adına sanatoriyaya müalicəyə göndərilirlər. Əvəllər bu müalicənin müddəti  45 gün olsa da, hazırda 28 günə salındı. Niyəsini isə İlham Məhərrəmov özü də bilmir.

Əvvəllər Bakı - Senfropl reysi ilə müalicəyə gedən əlillər sonra, Bakı-İstanbul-Senfropl reysi ilə göndərilməyə başlanıb. Bu səfərə çəkilən vaxtın 3 dəfə artması deməkdir. İlham Məhərrəmov uzun çəkən yolda çətinliklərindən danışır.
"Bakı-Sentfropl reysi 5-6 saat, Bakı-İstanbul-Senfropl reysi isə 15-16 çəkir. bu vaxt ərzində bir yerdə, tərpənmədən oturmalı olursan. Tualetə getmək də çətinlik yaradır. müalicə almağa tək getdiyimdən yolda köməyim olmur".
Həmsöhbətimin dediyinə görə, yolda çəkilən əziyyətə görə əlillər bir daha sanatoriyaya getmək istəmir.

"Bəlkə reysin dəyişilməsi dövlətin əlillərin bu sanatoriyaya getməsinin qarşısını almaq üçün edilmiş bir dəyişiklikdir".
Onunla söhbət etdiyimiz zamanı sosial şəbəkələrdəki aktivliyindən danışır. Başqaları tərəfindən yaradılmış əlillər üçün qruplarda paylaşılan videolara baxır, yazıları, xəbərləri izləyir. Diqqətini isə əsasən, çoxfunksiyalı arabalarin shekili çəkir. Həmsöhbətim deyir ki, onların qiyəti azı 4000 manatdır, amma adamı ayaqüstə də saxlamaq imkanı var. O, isə bunları hələ ki virtual olaraq izləməklə kifayətlənir...

Yazını redaktə edən Vüsalə Əlibəyliyə təşəkkürlər...

Комментариев нет:

Отправить комментарий

Fikirlərinizi bildirməkdən çəkinməyin